Fərqanə Bayramlı: Gənclər olaraq, hər zaman Azərbaycanı xaricdə layiqincə təmsil etməyə çalışmışıq
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Hər birimizə məlumdur ki, dövlətimizdə gənclərə və gənclər siyasətinə çox mühüm yer verilir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi biz gənclərdən asılıdır. Buna görə də biz yaradılan şəraitdən istifadə edərək özümüzü inkişaf etdirməli və ölkəmizi təmsil etməyi bacarmalıyıq.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) Macarıstan üzrə nümayəndəsi Fərqanə Bayramlı bildirib.
Hazırda Macarıstanın Budapeşt şəhərində yaşayan Fərqanə Bayramlı deyib: “Azərbaycan Respublikası və Macarıstan Hökumətinin “Stipendium Hungaricum” adlı təqaüd proqramı çərçivəsində bu ölkənin Corvinus Universitetində “İqtisadi təhlil” ixtisası üzrə magistr təhsili almışam. Xaricdə keçirilmiş bir çox tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişəm.
ASAP nümayəndəsi vurğulayıb ki, xaricdə yaşasa da, dövlətimizin dəstəyini hər zaman hiss edib: “Budapeştdə təhsil alarkən Azərbaycanın Macarıstandakı səfirliyində təcrübəçi olaraq çalışarkən, dövlətimizin əlamətdar günləri istər səfirlik, istərsə də Azərbaycan Evi tərəfindən təntənə ilə təşkil olunub və belə günlərdə biz hər zaman bir araya gəlmişik. Gənclər olaraq, hər zaman Azərbaycanı xaricdə layiqincə təmsil etməyə çalışmışıq. Xüsusilə, Vətən müharibəsində gənclərimizin həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi fəaliyyət danılmaz faktdır. Bu Qələbə xalqımızla, Ali Baş Komandanımızla, Ordumuzla birlik olmağımızın bariz nümunəsidir. Müharibə zamanı ön cəbhədəki döyüşlərlə yanaşı, Azərbaycan gəncləri olaraq, informasiya cəbhəsində də ölkəmizə daim dəstək olmağa çalışdıq. Belə ki, gənclərimiz feysbuk, tviter kimi sosial şəbəkələrdə Azərbaycan haqqında real informasiyaları paylaşmaqda, ölkəmizi dünyaya tanıtmaqda böyük rol oynayıb. Müasir düşüncəli gənclər kimi, aldığımız təhsil və dil biliklərini tətbiq edərək, informasiya müharibəsində uğurlara nail olduq. Xarici saytlarda Azərbaycan əleyhinə düşmənin yaydığı dezinformasiyaya qarşı mübarizə apardıq, dünyanın Azərbaycanın qədim tarixi haqqında vacib məlumatlar alması üçün əlimizdən gələni etdik”.
Gənclər siyasətinin önəmindən danışan Fərqanə Bayramlı qeyd edib ki, xaricdə yaşayan tələbə və məzunları birləşdirən ASAP-ın rolunu vurğulamaq istəyirəm: “Müxtəlif ölkələrdə, şəhərlərdə konfransların keçirilməsi, xaricdə təhsil alan gənclərin bir araya toplaşması üçün bir sıra layihələrin, yarışmaların ASAP tərəfindən təşkili, bu dövrdə gənclərin fəaliyyətinə, xüsusən xaricdə yaşayan gənclərə diqqətin bariz nümunəsidir. Biz də bu yaradılan imkanlarla, təcrübələrimiz və bacarıqlarımızla Azərbaycan dövlətinin gələcək inkişafı üçün çalışmalıyıq. Gənclərə diqqət və qayğının göstərilməsi üçün fevralın 2-si Gənclər Günü elan edilib. Ölkəmizdə kifayət qədər fəal gənclər vardır”.
“Dövlətimizin uğurlu gənclərindən biri kimi, hazırda xaricdə aldığım təhsili və qazandığım iş təcrübəsini davam etdirərək Azərbaycana töhfə vermək istəyirəm. Buna görə də bütün gəncləri qarşılarına qoyduqları məqsədə çatmaq üçün əzmlə çalışmağı, Vətəni sevib, onun inkişafı üçün birlikdə işlər görməyə çağırıram”, - deyə ASAP-ın Macarıstan üzrə nümayəndəsi vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var