İDMAN


Festivalın üzgüçülük yarışlarında Rusiya və Böyük Britaniya komandalarının hər biri 10 medal qazanıb

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də XV Avropa Gənclər Olimpiya Oyunlarının üzgüçülük yarışlarının üçüncü gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, festivalda təmsilçimiz Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında finişə 2 dəqiqə 2,71 saniyə çataraq beşinci olub. Bu məsafəni ən tez rusiyalı atlet Vadim Klimenişçev qət edib - 1 dəqiqə 58,06 saniyə. Böyük Britaniya üzgüçüsü Eduard Mildred (1 dəqiqə 58,64 saniyə) gümüş, Polşa təmsilçisi Kristof Çmielevski (2 dəqiqə 1,82 saniyə) bürünc medallara sahib olublar.

Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 1,51 saniyəyə nəticə göstərək medallar uğrunda mübarizə aparmaq şansı əldə edib. Bu yarışın final mərhələsi iyulun 25-də keçiriləcək.

Digər üzgüçülərimiz Aysel Səfərova 200 metr məsafəyə sərbəst üzmə yarışında 2 dəqiqə 18,22, Elyar Cahangirbəyov 200 metr məsafəyə arxası üstə üzmə yarışında 2 dəqiqə 14,82 saniyə nəticə göstərsələr də növbəti mərhələyə yüksələn idmançılar arasında yer ala bilməyiblər.

Qızlar arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında rusiyalı Yevgeniya Çikunova (2:24.15) birinci, fransalı Jastin Delmas (2:27.50) ikinci, irlandiyalı Molli Mayn (2:30.76) üçüncü olublar.

Oğlanlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rumıniyalı David Popoviçi (49.82 saniyə) qızıl medal qazanıb. Ondan cüzi fərqlə geri qalan Böyük Britaniya atleti Ceykob Vitl (49.99 saniyə) gümüş, Danimarka təmsilçisi Rasmus Nikelsen (50.22 saniyə) bürünc medallara sahib olublar.

Festivalda oğlanların 200 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında rusiyalı İlya Borodin (2:01.55) çempionluğu bayram edib. Macarıstan təmsilçisi Hubert Kos (2:02.60) ikinci, Türkiyə atleti Berke Saka (2:03.25) isə üçüncü pillədə yer alıblar.

Qızlar arasında 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Rusiya (3:45.10), Böyük Britaniya (3:47.62) və Macarıstan təmsilçiləri (3:48.67) müvafiq olaraq birinci, ikinci və üçüncü yeri tutublar.

Oğlanlar arasında 4x100 metr məsafəyə sərbəst üzmə yarışlarında Böyük Britaniya təmsilçiləri (3:26.71) çempion adına layiq görülüblər. Rusiya üzgüçüləri (3:27.14) gümüş, Türkiyə atletləri (3:28.09) bürünc medallara sahib olublar.

Ümumilikdə, bu gün 9 ölkənin təmsilçiləri medalçılar sırasına düşə biliblər. Rusiya (4 qızıl, 1 gümüş), Böyük Britaniya (1 qızıl, 3 gümüş), Rumıniya (1 qızıl), Macarıstan (1 gümüş, 1 bürünc), Fransa (1 gümüş), Türkiyə (2 bürünc), Danimarka, İrlandiya və Polşa (hər biri 1 bürünc) atletləri fəxri kürsüdə yer alıblar.

Üç gün ərzində isə Rusiya və Böyük Britaniya atletləri "EYOF Bakı 2019”un üzgüçülük yarışlarında eyni sayda medal qazanıblar. Belə ki, hər iki ölkənin aktivində 10 medal var. Rusiyalı atletlər 7 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, Rusiya üzgüçüləri iki gümüş və bir bürünc medal əldə ediblər. Böyük Britaniya təmsilçiləri isə 4 dəfə çempionluq sevinci yaşayıblar. Qərbi Avropalılar 5 dəfə ikinci, bir dəfə isə üçüncü pillədə yer alıblar.

İlk üçlüyü tamamlayan Xorvatiyanın 2 qızıl medalı var. Hər iki medalı Franko Qrqiç əldə edib. O, 400 və 1500 metr məsafələrə sərbəst üsulla üzmə yarışlarında finişə birinci çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.