İQTİSADİYYAT
Fevral üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb
Bakı, 11 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevralda yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.
Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, yerkökünün, çuğundurun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevralda qeyri-ərzaq mallarından ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının, dəftərxana ləvazimatlarının, kəsilmiş taxtanın, sementin, kərpicin, nitro, sulu və yağlı boyaların qiymətlərində bahalaşma, geyimin, soyuducuların, paltaryuyan maşınların, tozsoranların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
Ötən ay yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarəhaqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşıb, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.