İQTİSADİYYAT
Fevralda hər ölkə sakini təxminən 141 manatlıq ərzaq məhsulları alıb
Bakı, 13 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,2 faizi ticarət müəssisələri, 49,6 faizi fərdi sahibkarlar tərəfindən, 31,2 faizi isə bazar və yarmarkalarda satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1 faiz artıb, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalarda 3,6 faiz azalıb.
Bundan başqa, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub.
Fevralda ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.