CƏMİYYƏT


Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Bakı, 15 fevral, AZƏRTAC

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu bir ay irəli çəkmək qərara alınıb.

AZƏRTAC xəbər verir ki, hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.

Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir, böyüklərdə rast gəlinən xəstəliklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəng növüdür. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faiz təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir.

Tibbi statistikaya əsasən hər il dünyada 19 yaşınadək olan təxminən 300 min uşağa xərçəng diaqnozu qoyulur və onlardan təxminən yarısı həyatla vidalaşır. Erkən və vaxtında aparılan diaqnostika onkoloji xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xəstəliyin birinci və ya ikinci mərhələdə aşkar edilməsi onun uğurlu müalicəsinə səbəb olur. Ancaq xərçəng xəstəliyi əksər hallarda üçüncü, 8 faiz hallarda isə hətta dördüncü mərhələdə aşkar edilir.

Çətinlik ondadır ki, onkologiyanın təxminən 200-ə yaxın forması var və xəstəliyin hər hansı bir orqanda başlaması mümkündür. Uşaqlar tamamilə müxtəlif yaşlarda - bir aylığından 18 yaşa qədər xəstəliyə düçar ola bilirlər və onların hamısının intensiv müalicəyə ehtiyacı var. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.

2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda bu klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.