İQTİSADİYYAT
Fevralın 22-də “CEO Lunch Tbilisi” keçiriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Bu il Kvemo Kartli bölgəsinin infrastrukturunun inkişafına həsr edilən ilk “CEO Lunch Tbilisi”nin fevralın 22-də Gürcüstanın paytaxtında keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“CEO Lunch Tbilisi”də fəxri qonaq qismində Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, həmçinin Gürcüstan hökumətinin nümayəndələri, iki ölkənin biznes dairəsinin təmsilçiləri iştirak edəcək. “CEO Lunch Tbilisi”yə www.caspianenergy.org saytı vasitəsilə qeydiyyatdan keçmək olar.
“CEO Lunch Tbilisi” netvorkinq üçün unikal platformadır. Bu platforma çərçivəsində yaradıcı zümrənin nümayəndələri, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi etmək imkanına malikdirlər.
“CEO Lunch Tbilisi” Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulması üçün əsas vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. “CEO Lunch Tbilisi”də adətən sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunur, ölkənin regionlarında biznesin aparılması ilə bağlı onları maraqlandıran məsələlərə toxunulur, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülür.