CƏMİYYƏT
“Fəxri qonaq” layihəsi davam edir
Bakı, 1 iyul, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Fəxri qonaq" layihəsi davam edir.
Binəqədi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü "Aktyorun gözü ilə” mövzusunda tanınmış aktyor, rejissor, ssenari müəllifi və videobloger Taleh Yüzbəyov ilə olub.
Tədbirdə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, əməkdaşlar və gənclər iştirak ediblər.
Görüşdə Taleh Yüzbəyov ilk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan sualları cavablandırıb. O, ilk aktyorluq təcrübəsindən, ssenari müəllifi olduğu filmlərindən danışıb. Gənclərə siqaret və digər zərərli vərdişlərdən uzaq olmağı, zamanın nə qədər dəyərli olduğunu, bunu düzgün idarə etməyin vacibliyini qeyd edib.
Arzularına doğru məqsədli olmağı, uğur qazanmaq üçün mübarizə aparmağı məsləhət görüb. Olduqca maraqlı keçən görüşün sonunda gənclər tərəfindən qonağa hədiyyə təqdim edilib.