DÜNYA
Filippində prezidentliyə namizədlərin qeydiyyata alınması prosesi başa çatıb
Tokio, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Filippində gələn ilin mayında keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin qeydiyyatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, çoxlarının gözlədiyinin əksinə olaraq, Filippin Prezidenti Rodriqo Dutertenin qızı, hazırda Davao şəhərinin meri olan Sara Duterte namizədliyini irəli sürməyib. S.Duterte bu istiqamətdə addım atmayacağını bəyan edib. Bunun əvəzində isə o, Davao şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparacağını bildirib. Lakin bununla yanaşı, onun gələcəkdə prezident seçkilərinə qatılacağının mümkünlüyü də qeyd edilir. Bildirilir ki, atasının 2016-cı ildə etdiyi kimi, S.Duterte də başqa namizədi əvəz edə bilər.
Qeyd edək ki, Filippin prezidentliyinə namizədliyini irəli sürənlər arasında tanınmış simalar çoxluq təşkil edir. Belə ki, hazırda təqaüddə olan keçmiş peşəkar boksçu senator Menni Pakyao mövcud hökumətə tənqidi yanaşması seçilir.
Manila şəhərinin meri, yoxsul məhəllələrdə böyümüş Fransisko Domaqos da namizədlər arasında nüfuzlu şəxsdir. Onun siyasətlə məşğul olmağa başlamazdan əvvəl aktyor olduğu qeyd edilir.
Filippində diktator kimi tanınmış Ferdinand Markosun eyniadlı oğlu keçmiş senator kimi namizədliyini irəli sürüb. Yerli mətbuatda onun R.Duterte ailəsi ilə dostluq münasibətləri saxladığı xüsusi vurğulanır.
Digər namizəd, hazırda vitse-prezident vəzifəsini tutan Leni Robredo isə insan haqlarının müdafiəsi üzrə vəkil kimi çalışıb və müxalifətin tanınmış nümayəndələrindəndir.
Xatırladaq ki, Filippin Konstitusiyasına görə, Prezident R.Duterte ikinci müddətə namizədliyini irəli sürə bilməz. Əvvəllər onun vitse-prezident vəzifəsi uğrunda mübarizə aparacağı bildirilsə də, o, özü bu fikirdə olmadığını bəyan edib.
Qeyd edək ki, Filippində prezident seçkiləri üzrə seçki kampaniyasına gələn ilin fevralında start veriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio