DÜNYA
Filippində qəzaya uğramış hərbi təyyarənin “qara qutu”su tapılaraq, analiz üçün ABŞ-a göndərilib
Tokio, 11 iyul, AZƏRTAC
Filippində qəzaya uğramış hərbi təyyarənin “qara qutusu” tapılaraq, analiz üçün ABŞ-a göndərilib.
AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, bu analizin təqribən bir ay davam edəcəyi gözlənilir. Filippin hərbi-hava qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Meynard Marianonun bildirdiyinə görə, analiz ötən həftə baş vermiş qəzanın səbəblərini araşdırmağa imkan yaradacaq. Xatırladaq ki, qəza zamanı azı 50 nəfər həlak olub.
Qeyd edək ki, “qara qutu”da diktofon və uçuş məlumatlarını qeydə alan aparat var və bunlar qəzanın necə baş verdiyini aydınlaşdırmağa yardım edəcək.
M.Mariano əlavə edib ki, bütün hissələri toplanan “C-130” təyyarəsi Maktanda hərbçilər tərəfindən bərpa olunacaq.
Bildirilir ki, qəza zamanı həlak olan 12 pilotdan 11-nin cəsədi artıq ailələrinə təqdim edilib. Daha bir cəsədin yoxlamaları davam edir və protokol başa çatdıqdan sonra o da ailəsinə veriləcək.
Filippin silahlı qüvvələrinin qərargah rəisi general Sirilito Sobejana isə ölümlə nəticələnən qəzadan sonra bütün hərbi texnikanın tam yoxlanılmasını əmr edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio