DÜNYA
Finlandiya tarixində ölkəyə narkotik vasitələr idxalı ilə bağlı ən iri fakt üzrə təhqiqatın təfsilatı açıqlanıb
Stokholm, 11 aprel, AZƏRTAC
Aprelin 11-də səhər Finlandiya polisi ölkə tarixində narkotik vasitələr qaçaqmalçılığı şəbəkəsinin işi barədə təfsilatı açıqlayıb.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları narkotiklər qaçaqmalçılığı barədə iş üzrə ilkin istintaqı başa çatdırıblar. Qaçaqmalçılıq şəbəkəsi 2017-2018-ci illərdə Niderlanddan Finlandiyaya qeyri-qanuni yolla 13 kiloqram kokain gətirməkdə şübhəli hesab edilir. Əməliyyatın rəhbəri, Finlandiya Milli Təhqiqatlar Bürosunun əməkdaşı Yarı Ryatyu deyib: “Bu, Finlandiyada tarixində ölkəyə kokain gətirilməsi və onun yayılması ilə bağlı ən irimiqyaslı hadisədir”. Finlandiya hüquq-mühafizə xidmətləri bu təhqiqat çərçivəsində başqa ölkələrin polis idarələri ilə sıx əməkdaşlıq ediblər.
Təhqiqatın gedişində Finlandiyaya narkotiklər gətirilməsinin bütün təfsilatı müəyyən edilib. Hazırda 17 nəfər Finlandiyaya qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirilməsində, daha 16 nəfər bu vasitələrin Tampere və Helsinki şəhərlərində yayılmasında şübhəli hesab edilir.
Yarı Ryatyu deyib: “Polis güman edir ki, kuryerlər kokaini Niderlanddan Finlandiyaya 21 dəfəyə gətiriblər. Bu da müəyyən edilib ki, qaçaqmalçılığın əsas təşkilatçıları Tampere şəhərindən olublar”.
Məhkəməyəqədər təhqiqatın nəticələri yaxın həftələrdə prokurorluğa daxil olacaq. İstintaq müddətində 5 nəfər həbsxanada saxlanılıb, 2 nəfər barəsində qiyabi həbs qərarı çıxarılıb.
Qeyd edək ki, polisin məlumatına görə, Tampere şəhərində kokain istehlakı daim artmaqdadır. Bu polis təhqiqatı da məhz Tampere şəhəri rayonuna daha çox kokain gətirilməsi məlum olandan sonra başlanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm