SİYASƏT


Finlandiyada fəaliyyət göstərən Azərbaycan və türk diasporları Fransa parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı” ilə bağlı biabırçı qanunu qətiyyətlə pisləyir

Bakı, 23 dekabr (AZƏRTAC). Finlandiyada fəaliyyət göstərən Azərbaycan və türk diasporları Fransa parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı” ilə bağlı biabırçı qanunu qətiyyətlə pisləyir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Finlandiyada fəaliyyət göstərən Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatı tərəfindən bu məsələ ilə bağlı Fransa parlamentinə etiraz məktubu göndərilmişdir.

Müəlliflər bu ədalətsiz qanunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan əlaqələrinə də mənfi təsir göstərəcəyini bəyan etmişlər.

Məktubun müəllifləri 1915-ci ildə baş vermiş hadisələrin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini qeyd edərək Türkiyə hökumətinin bu məsələ ilə bağlı ortaq elmi komissiyanın yaradılması barədə təşəbbüsünü dəstəklədiklərini vurğulamışlar. “Qondarma “erməni soyqırımı” siyasi yox, tarixi məsələdir. Türkiyə dövləti hər zaman tarixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi həqiqətləri ortaya çıxarmağa hazır olduğu halda Fransanın Türkiyəni ittiham etmək cəhdləri heç cür doğru deyil”, - deyə məktubda qeyd olunmuşdur. Bundan əlavə məktubda vurğulanmışdır ki, dünyanın heç bir demokratik ölkəsində, hətta insan hüquqları pozulan dövlətlərdə belə, vətəndaşına qarşı başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə, yaxud cərimə cəzası tətbiq olunmur. Bu, Fransa dövləti və parlamenti üçün çox böyük rəzalət və biabırçılıqdır. Bu qanun hüquq qaydalarına ziddir”.

Məktubun müəllifləri, Fransa parlamentinin üzvlərinə qondarma “erməni soyqırımı” əvəzinə ermənilərin törətdiyi Xocalı soyqırımını müzakirə etməyi tövsiyə edirlər. “1992-ci ildə Xocalıda Azərbaycanın dinc sakinlərinə, o cümlədən yaşlılara, qadın və uşaqlara qarşı törədilmiş soyqırımı yaddaşlardan hələ də silinməmişdir. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa kimi bir dövlət yaxın tariximizdə baş verən qanlı hadisələri müzakirə etmək əvəzinə erməni yalanlarına uyaraq özünü nüfuzdan salır”, - deyə məktubda vurğulanmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.