DÜNYA


“Fiona” qasırğası Dominikan Respublikasına azı 390 milyon avro həcmində ziyan vurub

Madrid, 27 sentyabr, AZƏRTAC

“Fiona” qasırğasının Dominikan Respublikasına vurduğu ziyanın təxmini məbləği 20 milyard pesodan (390 milyon avro) çoxdur.

AZƏRTAC xəbər verir ki, bu məlumatı ölkə Prezidenti Luis Abinader açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, ciddi ziyan çəkən kənd təsərrüfatı sektoruna vurulan zərəri müəyyənləşdirmək çox çətin olacaq. Bununla yanaşı, Luis Abinader istehsalın normallaşdırılması üzrə qəti tədbirlər görüləcəyini vəd edib.

Bir həftə bundan əvvəl “Fiona” qasırğasının törətdiyi dağıntılar barədə danışan L.Abinader bərpa işlərinin sürətləndirilməsi məqsədilə ölkənin 12 əyalətində 45 günlük fövqəladə vəziyyət elan edilməsi təklifi ilə Senata müraciət edib.

Dağıdıcı fırtınadan sonra hazırda 4650-yə yaxın ev bərpa olunub ki, bu da zərər dəymiş yaşayış tikililərinin təqribən 53 faizini təşkil edir. Yüz minlərlə ərzaq məhsulu, o cümlədən məişət texnikası, döşək və qəza dəstləri paylanılıb. Daha çox zərər çəkən rayonlarda enerji təchizatı 97 faiz, su təchizatı isə 91 faiz bərpa olunub.

Xatırladaq ki, sentyabrın 19-da Dominikan Respublikasının ardınca Puerto-Rikoda da “Fiona” qasırğası tüğyan edib. Saniyədə 40 metrdən artıq sürətə malik güclü külək ağacları qırıb, evlərin damını uçurub, yollarda asfalt hissələrini qoparıb.

 
Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.