MƏDƏNİYYƏT
Firəngiz Əlizadənin yaradıcılığına həsr edilmiş elmi konfrans
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans qurumun sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil edilib.
Konfransda ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Firəngiz Əlizadənin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, müxtəlif adlara və titullara layiq görülən Firəngiz Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir.
Diqqətə çatdırılıb ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub.
Firəngiz Əlizadənin ictimai fəaliyyəti barədə danışan Z.Qafarova bildirib ki, o, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir.
Konfransda çıxış edən Əməkdar İncəsənət Xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə Firəngiz Əlizadənin Türkiyədəki fəaliyyət dövründən danışıb. Bildirib ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan üç pərdəli bu əsər böyük uğur qazanıb. Vurğulayıb ki, Firəngiz Əlizadə Türkiyədə ilk professional balet yazan bəstəkardır.
Diqqətə çatdırılıb ki, Türkiyə hökumətinin xahişi ilə Firəngiz Əlizadə qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb.
Əflatun Nemətzadə qeyd edib ki, Firəngiz Əlizadənin əsərlərinin mayasında muğam ruhu var.
Elmi konfransda “Firəngiz Əlizadənin violençel üçün yazılmış əsərlərinin milli mənbələri haqqında”, “Firəngiz Əlizadənin yaradıcılığında etnospesifik konseptlərin təzahürünə dair”, “Firəngiz Əlizadə: yaradıcılığının konseptuallığı və onun yaradıcılığında konseptuallıq”, “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, “Firəngiz Əlizadə yaradıcılığında Nəsimi mövzusu Şərq-Qərb problemi kontekstində” və digər mövzularda dinlənilən məruzələr böyük maraq doğurub.