ELM VƏ TƏHSİL
Fizika, riyaziyyat və texnika elmləri üzrə mühüm nəticələr barədə 185 material hazırlanıb
Bakı, 4 fevral, AZƏRTAC
AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ötən il üzrə illik hesabatının müzakirəsi zamanı AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bölməyə daxil olan elmi müəssisə və təşkilatlarda elmi biliklərin təbliği və populyarlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Akademik institut və təşkilatların feysbuk, tviter və yutub platformalarında təmsil olunduqlarını, əldə olunan mühüm elmi nəticələrin bu sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırıldığını qeyd edib. Alim ötən il veb-saytlarda, televiziya və radioda çıxışlar, müsahibələr, eləcə də elmi-populyar nəşrlər daxil olmaqla, ümumilikdə 185 materialın hazırlandığını deyib. Həmçinin bölməyə daxil olan hər bir institut üzrə elmin təbliği və populyarlaşdırılması istiqamətində görülmüş işlərə dair statistikanı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Elmi şuranın sədri institut və təşkilatların veb-saytlarına olan müraciətlər üzrə göstəriciləri təqdim edib. Alim bildirib ki, hesabat ili ərzində ən çox İnformasiya Texnologiyaları İnstitutunun veb-saytına müraciət qeydə alınıb. Sonrakı pillələrdə isə Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu və digər elmi müəssisələr yer alıb.
Alim bildirib ki, FRTEB-in institutları ötən il KİV-də ümumilikdə 13 min 396 materialın dərcinə nail olub.
Azərbaycan dövlətçiliyi ideologiyasının təbliğində “Vikipediya”nın xüsusi rola malik olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti FRTEB-in elmi müəssisələri tərəfindən bu onlayn ensiklopediyaya 235 məqalənin daxil edildiyini deyib. Alim əlavə edib ki, bu məqalələrdən 124-ü İnformasiya Texnologiyaları İnstitutunun payına düşür.
Akademik Rasim Əliquliyev sonda FRTEB-ə daxil olan elmi müəssisələri əldə olunan mühüm elmi nailiyyətlərin təbliği və populyarlaşdırılması istiqamətində daha da fəal olmağa, öz bilik və təcrübələrini ölkənin nüfuzlu radio və televiziya kanallarında, eləcə də sosial şəbəkələrdə bölüşməyə çağırıb.