ELM VƏ TƏHSİL
Fizika-riyaziyyat və texnika elmləri üzrə tədqiqat mövzuları ilə bağlı müzakirələr aparılıb
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının sədr müavini AMEA-nın müxbir üzvü Afiq Həsənov çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi-tədqiqat müəssisələri, eyni zamanda, AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.
A.Həsənov 13 elmlər doktoru və 47 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.
Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Onlayn tədbirdə problem şurasının üzvləri, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.