ELM VƏ TƏHSİL
Fizika və rus dili fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş tapşırıqlar elmi-metodik baxımdan təhlil edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, fizika fənni üzrə iclasın gündəlik məsələsi avqustun 20-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qruplar üzrə istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan müqayisəli təhlili olub.
İclasda 5 qapalı tipli tapşırıq (I ixtisas qrupu üzrə 31-35 saylı, IV ixtisas qrupu üzrə 61-65 saylı) müzakirə edilib, iştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt-standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verilib.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Rus dili fənni üzrə iclasın gündəlik məsələsi ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. Proqramların təkmilləşdirilməsində təkliflər nəzərə alınıb.
Müzakirələr noyabrın 4-də davam etdiriləcək.