ELM VƏ TƏHSİL


Folklor İnstitutunda “Soyqırımları xalq yaddaşında” mövzusunda elmi sessiya

Folklor İnstitutunda “Soyqırımları xalq yaddaşında” mövzusunda elmi sessiya

Bakı, 1 aprel, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda “Soyqırımları xalq yaddaşında” mövzusunda elmi sessiya keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən institutun baş direktoru akademik Muxtar İmanov bildirib ki, bu, təkcə 1918-ci ildə Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində baş vermiş dəhşətli soyqırımını əhatə edən bir hadisə deyil, həm də 1905-1907-ci illər, 1918-ci il və sonrakı dönəmlərdə Azərbaycan türklərinə qarşı törədilmiş qırğınlarla müşayiət olunub. Ermənilərin “Daşnaksütyun” partiyası sovet dövründə də öz siyasətini örtülü və ya açıq şəkildə həyata keçirib. Bəşər tarixinin ən qanlı cinayətlərindən olan bu soyqırımları nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, maddi-mədəniyyət abidələrimiz məhv edilib, arxivlər, “Kaspi”, “Açıq söz” kimi qəzetlərin redaksiyaları, "İsmailiyyə" binası yandırılıb. Akademik vurğulayıb ki, biz bu faktlardan, tarixi hadisələrdən ibrət dərsi götürərək həmişə irəliyə baxmağı, ərazi bütövlüyümüzü qorumağı bacarmalıyıq.

Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Mühacir yazıçı Məmməd Altunbay yaradıcılığında soyqırımı məsələsi” mövzusunda məruzəsi dinlənilib. 1920-ci illərdə sovet hakimiyyətinin təzyiqlərindən qurtularaq Türkiyəyə gedən M.Altunbayın “Hürriyyətə uçan türk” kitabından danışan A.Həsənqızı qeyd edib ki, kitabda müəllifin şahidi olduğu hadisələr, o cümlədən 1920-ci il Gəncə qiyamı, həmçinin sovet dövrünün bir sıra həqiqətləri öz əksini tapıb. O, M.Altunbayın Gəncə qiyamından sonra şəhərdə yaranan dəhşətli mənzərəni necə təsvir etdiyini kitabdan gətirdiyi nümunələrlə diqqətə çatdırıb.

Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov “1918-ci il Şamaxı soyqırımı” mövzusunda məruzə edərək Şamaxıda törədilən dəhşətli hadisələrdən bəhs edib. O, daşnakların Şamaxının daha çox əhalisi olan Quşçu, Göylər, Əngəxaran kəndlərinə hücum etdiklərini, təkcə Şamaxı Cümə məscidində 5 min azərbaycanlını qətlə yetirdiklərini bildirib.

Dədə Qorqud şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinov “Erməni-Osmanlı münasibətləri və soyqırımı məsələləri” mövzusunda məruzəsində erməni xislətinin, ideologiyasının əsrlərdən bəri dəyişmədiyini, onların hələ XIX əsrin sonlarında Osmanlı imperiyasında (Ərzurum, Van, Samsun, Adana və başqa bölgələrdə) üsyanlar edərək minlərlə türkü qətlə yetirdiklərini nəzərə çatdırıb. Məruzəçi qeyd edib ki, ermənilər 1890-cı ildən başlayaraq “Hnçaq” və başqa təşkilatlar yaradaraq Osmanlı dövlətini sarsıtmağa başlayıblar. 1895-1896-cı illərdə təkcə Zeytin qırğınında 30 min türk qətlə yetirilib. N.Adışirinov Qubada Hamazaspın başçılığı ilə törədilən dəhşətli qırğın haqqında da danışaraq, bu bölgədə 162 kəndin dağıdılmasını, rəsmi məlumatlara görə, onlardan 35-nin tamamilə məhv edildiyini, maddi-mədəniyyət abidələrinin, kitabxanaların yandırıldığını bildirib.

Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərov xalqımıza qarşı aparılan soyqırımı siyasətinin xronologiyasından bəhs edib, bu cinayətlərin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.