ELM VƏ TƏHSİL
Folklor İnstitutunda görüş: Qars-Ərdahan bölgəsinin aşıqları ilə yaradıcılıq əlaqələri qurulacaq
Bakı, 6 noyabr, AZƏRTAC
Türkiyənın tanınmış folklorşünas alimləri Nail Tan və Hayrettin İvgin, Avrasiya Qurumunun rəhbəri, Antalya şəhərinin keçmiş valisi Bahreddin Güney, Azərbaycan Texniki Universitetinin professoru, “Vektor” nəşrlər evinin rəhbəri, şair Elçin İsgəndərzadə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovla görüşüblər.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə M.İmanov Qırğızıstanda onlarla birgə iştirak etdiyi konfransla bağlı səfər təəssüratlarını bölüşüb. Sonra türk dünyasının ortaq lətifə qəhrəmanı Molla Nəsrəddin, aşıq sənəti, dastanlar və s. məsələlərlə bağlı maraqlı fikir mübadiləsi aparılıb. İnstitutun direktoru qonaqlara “Dastan gecələri” layihəsi əsasında bir neçə dastanın ictimaiyyətə təqdim olunması barədə söhbət açıb, gələcəkdə Qars-Ərdahan bölgəsinin aşıqları ilə yaradıcılıq əlaqələrinin qurulacağına ümid etdiyini bildirib.
Qonaqlar bu məsələ ilə bağlı lazımi kömək göstərəcəklərini bildirib, Folklor İnstitutuna kitablarını hədiyyə ediblər.