ELM VƏ TƏHSİL
Folklor İnstitutunda konfrans: “Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik”
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda “Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans AMEA-nın “İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik” elmi-tədqiqat proqramı çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov institutda proqram üzrə aparılmış tədqiqatlardan, onun elmi-praktik əhəmiyyətindən bəhs edib. Akademik qeyd edib ki, milli mənlik, milli qürur kimi hisslərin formalaşmasında incəsənət və ədəbiyyat mədəniyyətin digər sahələri ilə müqayisədə hər zaman daha çox əhəmiyyət kəsb edib və bütün dövrlərdə ideya-estetik tərbiyə işində əvəzsiz rol oynayıb.
Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev “Azərbaycan “Oğuznamə”si və mənəvi dəyərlər sistemi” mövzusunda məruzəsində Azərbaycan epik ənənəsində əksini tapan mənəvi dəyərlərimizdən, onların bir sistem kimi gənclərin ideya-estetik tərbiyəsində rolundan danışıb.
AMEA-nın Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri Adil Əsədovun “Təsviri sənət mənəvi zənginliyin cismani göstəricisi kimi” mövzusunda məruzəsində təsviri sənətin bədii sözlə əlaqəsindən, təsviri sənətin özünün təşəkkülü və tarixi baxımından bədii sözə bir illüstrasiya olaraq meydana gəlməsindən, onun insanın mənəvi kriteriyalarının özünəməxsus ifadə forması olmasından bəhs edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva “Bədii ədəbiyyatda əxlaq və mənəviyyat” mövzusunda məruzə edib. O, məruzəsində ədəbiyyatın insanın mənəvi kamilləşmə konsepsiyasında yeri və insan əxlaqının gözəlləşməsində sənət və sənətkarın rolu məsələlərinə geniş yer ayırıb.
Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Poeziyada milli kimlik probleminin vətənçilik və milli birlik idealları ilə ifadəsi” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov “Bədii təmayüllər və üslublar Azərbaycan teatrının milli kimliyinin təzahürü kimi” mövzusunda məruzəsində teatrımızın mili kimliyini müəyyənləşdirən kriteriyalardan bəhs edib.