İQTİSADİYYAT
Fond: Pandemiyadan zərər çəkmiş sahibkarlara 68,5 milyon manat faiz subsidiyası ödənilib
Bakı, 25 yanvar, AZƏRTAC
Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi davam etdirilib. Dəstək proqramı çərçivəsində bu il yanvarın 1-dək ümumilikdə 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
“Pandemiyadan zərərçəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi ötən il davam etdirilib. Bu dəstək mexanizminə əsasən, 2020-ci il martın 10-na kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10 faiz bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində yanvarın 1-nə kredit qalıq məbləği 877,94 milyon manat olan 5052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib. Artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir”, - deyə O.Xaliyev qeyd edib.