DÜNYA
“Ford” şirkəti alman poçt konserni üçün yük elektromobilləri istehsal edir
Berlin, 10 oktyabr, AZƏRTAC
Almaniyanın “Deutsche Post DHL” poçt konserni öz avtoparkındakı avtomobilləri ardıcıl şəkildə elektromobillərlə əvəz edir.
AZƏRTAC xəbər verir ki, hazırda Almaniyanın şəhərlərində poçt daşımaları 8 minə yaxın “Streetscooter” markalı kiçik yük elektromobilləri ilə həyata keçirilir. Budan sonra bağlamaları daha böyük yük elektromobilləri ilə ünvana çatdırmaq nəzərdə tutulur. Onların istehsalı isə “Ford” amerikan korporasiyasının Kölndə yerləşən zavodunda həyata keçirilir.
Almaniyada yüngül yük elektromobillərinin istehsalına “Volkswagen” və “Daimler” kimi ənənəvi avtomobil istehsalçıları deyil, poçt şirkəti başlayıb. Belə ki, 2010-cu ildə dünyanın logistika nəhəngi sayılan “Deutsche Post DHL” poçt konserni ekoloji cəhətdən təmiz texnika istehsal etməyi arzulayan iki mühəndisin və Reyn-Vestfal Ali Texniki Məktəbinin müəlliminin yaratdıqları “Streetscooter” kiçik müəssisəsi üçün vəsait ayırıb və 2014-cü ildə bu firmanı satın alıb. Konsernin bu addımı sayəsində sadə konstruksiyalı kommersiya elektromobili “Work” modelinin istehsalına başlanılıb. Bu elektromobil birdəfəlik enerji ehtiyatı ilə böyük şəhərlərin daxilində 50-80 kilometr məsafəyə poçt göndərişlərini daşıya bilir.
Hazırda “ Streetscooter” firması elektromobillərin istehsalını təkbaşına deyil, avtomobil sənayesi nəhəngi - “Ford” konserni ilə birgə həyata keçirir. Kölndə yerləşən zavodda işləyən 180 fəhlə il ərzində 3500 “Work XL” markalı yük elektromobilləri istehsal edəcək. Gələcəkdə bu elektromobillər digər sifarişçilərə də tədarük oluna bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin