İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verilib

Bakı, 5 noyabr, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn il aprelin 26-28-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar Azərbaycan Qran-Prisinin bir hissəsi olmaq, eyni zamanda, Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Proqrama qoşulmaq istəyənlər Marşal Proqramına Müraciət Sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.