İDMAN


Formula 1 rəhbəri: Sprint formatı yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq

Formula 1 rəhbəri: Sprint formatı yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Biz Formula 1 sprint yarışının keçirildiyi son iki il ərzində azarkeşlərdən çox müsbət rəy almışıq. Növbəti mövsümdə altı sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Bu yarışlar üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza - Formula 1 komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq.

AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, bu fikirləri Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali 2023-cü ildə keçiriləcək sprint yarışları ilə bağlı fikirlərini bölüşərkən deyib.

Qeyd edilib ki, Formula 1 yeni mövsümün sprint yarışlarını açıqlayıb. Ötən il keçirilmiş üç sprint yarışının sayı ikiqat artaraq 2023-cü il mövsümündə altıya çatıb. Təqvimin ilk sprint yarışı Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda, aprelin 28-30-da baş tutacaq. İyunun 30-dan iyulun 2-dək Avstriya, iyulun 28-30-da Belçika, oktyabrın 6-8-də Qətər, 20-22-də ABŞ, noyabrın 3-5-də Braziliya Qran-priləri təşkil olunacaq.

Sprint yarışları ötmələrin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə keçirilir və xüsusi dramatikliyi ilə yadda qalaraq geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır.

Sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı sprint yarışı şənbə günü, aprelin 29-na təsadüf edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.