SİYASƏT
Forumun enerji təhlükəsizliyi mövzusunda panel iclası maraqlı müzakirələrlə başa çatıb VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Dördüncü Qlobal Bakı Forumunun “Enerji təhlükəsizliyi və qlobal idarəçiliyin perspektivləri nədir?” mövzusunda keçirilən panel iclası Almaniyanın müdafiə nazirinin sabiq müavini, sabiq dövlət katibi, Avropa Enerji və Resurs Təhlükəsizliyi Mərkəzinin direktoru Friedbert Pflügerin moderatorluğu ilə davam edib.
Azərbaycanın energetika naziri Natiq Əliyev iclasda çıxış edərək ölkəmizin enerji ehtiyatları barədə ətraflı məlumat verib. Bir çox ölkələrin enerji problemləri ilə rastlaşdığını söyləyən Natiq Əliyev enerji ehtiyatlarının iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayıb. Avropanın son on il ərzində enerji resurslarını axtarmağa başladığını bildirən nazir Xəzər regionunun Avropa İttifaqı üçün perspektivli məkan olduğunu diqqətə çatdıraraq deyib: “Biz dünyanın enerji xəritəsinə baxsaq görərik ki, enerji bazarı dəyişikliklərə məruz qalır. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu, ölkənin gələcək depozitləri deməkdir. “Cənub Qaz Dəhlizi” layihəsi əsas amil olaraq Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayır. Bu yaxınlarda Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində enerji nazirlərinin ikinci toplantısı oldu. Bir çox maliyyə institutlarının nümayəndələri bu görüşdə iştirak etdilər və layihənin icrasının hazırkı gedişini yüksək qiymətləndirdilər. Planlaşdırıldığı kimi, istehsal olunan qaz 2018-ci ilin sonunda Türkiyə bazarına çatacaq. Neftin hazırkı qiyməti istehsalçı ölkələr üçün o qədər də əlverişli deyil. Yaxın gələcəkdə neftin qiymətində artım müşahidə edəcəyik. Alternativ enerji barədə danışarkən iqlim məsələlərini nəzərə almalıyıq. Azərbaycan əlverişli iqlimə malikdir. Bu, alternativ enerjinin istehsalı üçün yaxşı imkan deməkdir”.
Afrikada enerji ehtiyatlarının gələcək üçün önəmli amillərdən biri olduğunu deyən Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanjo bu istiqamətdə əməkdaşlığı davam etdirməyin əhəmiyyətinə toxunub. Nigeriyanın bütövlükdə Afrikanın ehtiyacı olan enerjinin 50 faizini istehsal etmək gücünə malik olduğunu bildirən Olusegun Obasanjo neftin qiymətini öncədən müəyyən etməyin mümkünsüzlüyünü, hazırkı vəziyyətin istehsalçı ölkələr üçün əlverişli olmadığını diqqətə çatdırıb. OPEK-in neftin qiymətinə təsir edə bilmədiyini söyləyən Nigeriyanın sabiq Prezidenti qiymətlərdəki ucuzlaşmanın uzun müddət davam etməyəcəyini vurğulayıb.
Latviyanın sabiq Prezidenti Valdis Zatlers enerji təhlükəsizliyi məsələsindən danışaraq bunun bütün ölkələrin maraqlarına uyğun olduğunu söyləyib. Enerji təhlükəsizliyinin getdikcə xarici siyasətin əsas prioritetlərindən olduğunu, bunun milli təhlükəsizlik, iqtisadi artım, davamlı inkişaf konsepsiyaları ilə bağlılığını diqqətə çatdıran Valdis Zatlers təhlükəsizliyin daim enerji axınlarından asılı olduğunu söyləyərək deyib: “Enerji təhlükəsizliyi müxtəlif çağırışlarla rastlaşa və enerji mənbələri təcavüzkarların əlinə keçə bilər. Bəzi ölkələr enerjidən xarici siyasətlərinin əsas hissəsi kimi istifadə edə bilərlər. Enerji təhlükəsizliyi, eyni zamanda, sülh naminə əməkdaşlıq üçün də əhəmiyyətli amil ola bilər. İstər istehsalçı, istərsə də istehlakçı ölkələr enerjidən asılıdır. Bu, enerji ətrafındakı əməkdaşlığı gücləndirmək üçün çox vacibdir”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Valdis Zatlers deyib ki, Trans-Adriatik boru kəməri layihəsi enerji ehtiyatlarının şaxələndirilməsi üçün əhəmiyyətli layihədir. Bu layihə həqiqətən də yeni qaz bazarını yaradır.
Serbiyanın keçmiş Baş naziri Mirko Svetkoviç enerji ehtiyatları ilə bağlı müxtəlif ölkələrdə fərqli yanaşmaların olduğunu söyləyib. Ölkəsində enerji təhlükəsizliyinin ən yüksək yerdə olduğunu söyləyən keçmiş Baş nazir TAP boru kəmərinin Azərbaycan ilə Avropanı daha da yaxınlaşdıracağını bildirib, bəzi ölkələrdəki mövcud ekoloji problemlərdən danışıb.
Panel iclası maraqlı müzakirələrlə davam edib.