MƏDƏNİYYƏT
Fotoqraflar üçün növbəti müsabiqə...
Bakı, 25 yanvar, AZƏRTAC
Postsovet ölkələrində hələ də mövcud olan mikrorayonlardakı urbanistik məzmunu əks etdirən fotolar üçün müsabiqə elan edilib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə mikrorayonların panoramik mənzərəsi, urbanistik məzmunu əks etdirən fotoşəkillər, unikal binalar və ya digər estetik xarakterli obyektlərin fotoşəkilləri, tikililər və yerli memarlıq nümunələrinin müasir formada transformasiyası və adaptasiyasını əks etdirən fotoşəkillər təqdim edilə bilər.
Hazırda postsovet ölkələrində şəhər sakinlərinin 50 faizə qədəri sovet şəhərlərinin boş ətraflarında inşa edilmiş böyük yaşayış massivlərində və ya “mikrorayonlarda” məskunlaşıb. İndi bu rayonlar qütbləşən və mürəkkəb inkişaf prosesləri yaşayır. Təchizat, kommunikasiya və nəqliyyat infrastrukturunun dağılması, həmçinin yeni yaşayış və ticarət binalarının inşası şəraitində bu rayonlarda sürətli şəkildə demoqrafik artımdan qaynaqlanan əhali sıxlığı müşahidə edilir.
Birinci yer üçün 500 avro məbləğində mükafat nəzərdə tutulub.
Müraciətlər üçün son tarix fevralın 15-də başa çatır.
Finalçılar və seçilmiş fotolar bu ilin aprel ayında elan ediləcək.
Müsabiqədə dünyanın hər yerindən 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
İştirakçılar 5 ayrı-ayrı fotoşəkil yaxud 3-5 fotoşəkildən ibarət seriya təqdim edə bilər.
Müsabiqəyə təqdim edilən bütün fotoşəkillər Sovet İttifaqı ərazisində və Şərqi Avropa ölkələrində salınmış mikrorayonlarda çəkilməlidir.