CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib
Bakı, 26 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir su anbarında “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətə dair tələblər diqqətə çatdırılıb, həmin su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş texniki baxışdan keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda kiçikhəcmli gəmi istifadəçilərinə həmin gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.