CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Yaponiyanın “Shinyei Kaisha” şirkəti ilə əməkdaşlığı genişləndirir

Bakı, 4 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi təbii və texnogen hadisələrin nəticələrinin aradan qaldırılması sahəsində dünyanın təcrübəli şirkətlərindən olan Yaponiya dövlətinin “Shinyei Kaisha” şirkəti ilə sıx əməkdaşlıq edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 1.4-cü bəndinə əsasən, Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan su anbarlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi layihəsinin həyata keçirilməsi məqsədilə nazirlik tərəfindən Yaponiya dövlətinin ”Shinyei Kaisha” şirkəti ilə müqavilə bağlanılıb və işlərin həyata keçirilməsinə başlanılıb.

Layihə çərçivəsində qeyd olunan su anbarlarında hidrotexniki qurğularının təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi və istismara yararlığının müəyyənləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, məsləhətçi şirkət tərəfindən hidrotexniki qurğuların vəziyyətinə nəzarət etmək üçün anbarlarda nəzarət-ölçü cihazları quraşdırılacaq, seysmoloji müşahidə şəbəkəsi qurulacaq, hidrotexniki qurğuların istismar qaydaları və təhlükəsizlik bəyannamələri işlənib hazırlanacaq, həmçinin yerli mütəxəssislər üçün texniki nəzarət üzrə təlimlər keçiriləcək.

Həmçinin hidrotexniki qurğuların təhlükəsizliyinin təyin olunması üçün topo-geodezik, hidrogeoloji, mühəndis-geoloji, mühəndis-geofiziki, seysmoloji tədqiqatlar və instrumental müayinələr və müxtəlif növ laborator analizlər və sınaq işlərinin aparılması da planlaşdırılır. Bu işlərlə yanaşı hər obyekt üzrə müasir avadanlıqlardan istifadə edilərək batimetriya ölçmələri və aerofotoşəkil tədqiqatları aparılacaq.

Qeyd olunan su anbarlarında baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması və təhlükəli vəziyyətin aradan qaldırılması məqsədilə birinci mərhələdə su anbarlarında kompleks tədqiqatlar və instrumental müayinələr aparılaraq texniki təhlükəsizliyin qiymətləndirilməsi həyata keçiriləcək və hazırlanmış təkliflər baxılması və müvafiq tədbirlərin görülməsinə göstərişlərin verilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.