CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Qalaqayın kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu Aşağı Ləgər kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində və Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon Uşaq Musiqi Məktəbində maarifləndirmə tədbirləri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.