CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının bazasında yanğın təhlükəsizliyi fakültəsinin kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Yanğın qəza-xilasetmə işinin aparılması taktikası” mövzusunda təlim-məşq keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-məşq nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və nazirliyin Akademiyası tərəfindən təşkil olunub.
Təlim-məşqin birinci mərhələsində şərti yanğının qarşısının alınması, insanların təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirici məşğələ keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib, suallar cavablandırılıb. Tədbirin ikinci – praktiki mərhələsində isə xüsusi təyinatlı texnika və canlı qüvvənin iştirakı ilə şərti yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.
Təlim-məşqə nazirliyin yanğınsöndürən-xilasediciləri və həkim briqadası, xüsusi təyinatlı yeddi nəqliyyat vasitəsi cəlb olunub.