CƏMİYYƏT


Fövqəladə halların qarşısının alınması və bu cür hallarda fəaliyyətlərin koordinasiyası müzakirə olunub

Bakı, 30 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə Suraxanı Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də Bakı şəhəri üzrə təşkilat və qurumlarla fövqəladə halların qarşısının alınması və bu cür hallarda fəaliyyətlərin koordinasiyası, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, FHN Aparatı və qurumlarının əməkdaşları, Bakı şəhərinin rayonlarının Fövqəladə hallar üzrə komissiya sədrləri və üzvləri, Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Azərsu” ASC, “Bakı Sukanal” idarəsi və “Təmiz Şəhər” ASC-nin məsul əməkdaşları iştirak ediblər.

FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor M.Həsənov Bakı şəhərində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə mövcud vəziyyət barədə danışıb. O, paytaxtın rayon icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin baş verə biləcək fövqəladə halların qarşısının vaxtında alınması, eləcə də həmin hadisələrin nəticələrinin çevik aradan qaldırılması üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin uğurla davam etdirilməsinin vacibliyini qeyd edib.

Mövzu ətrafında paytaxt rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri - Fövqəladə hallar üzrə komissiya sədrləri tərəfindən 2022-ci ildə rayon ərazisində, fövqəladə halların nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, mövcud problemlər və atılacaq addımlar barədə çıxışlar olub.

İnteraktiv müzakirələr şəraitində keçən dəyirmi masa zamanı səslənən problemlər və onların aradan qaldırılması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.