DÜNYA


Fransa həmkarlar ittifaqları fransızları ümummilli etirazlara çağırıb

Fransa həmkarlar ittifaqları fransızları ümummilli etirazlara çağırıb

Paris, 27 mart, AZƏRTAC

Fransa həmkarlar ittifaqları martın 28-də pensiya islahatlarına qarşı ümummilli etiraz nümayişinə çağırış edib.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları hökumət tərəfindən zor gücünə tətbiq olunan pensiya islahatının geri götürülməsini tələb edir. Bu məqsədlə martın 28-də pensiya islahatları haqqında qanun layihəsinə etiraz olaraq 10-cu ümummilli nümayiş elan edilib, fransızlar kütləvi tətillərə və mitinqlərə çıxmağa çağırılıb.

Hökumət pensiya islahatı ilə bağlı səhifəni çevirməyə çalışsa da, həmkarlar ittifaqları pensiya islahatlarının geri götürülməsi ilə bağlı qətiyyət göstərir. Nümayiş ərəfəsində ölkədə şəhərlərarası dəmir yollarının və şəhərdaxili ictimai nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub. Fransa Dəmir Yolları Milli Şirkəti bununla bağlı xəbərdarlıq edib. Fransa paytaxtında metrolar işləmir. Hava nəqliyyatı dispetçerlərinin tətili ilə əlaqədar Mülki Aviasiya Baş Müdirliyi martın 27-dən 30-dək planlaşdırılan uçuşların ləğv edildiyini bildirib.

Milli təhsil üzrə həmkarlar ittifaqı martın 28-də məktəblərdə və liseylərdə yenidən tətil elan ediblər.

Bir çox sənaye və xidmət sahələri də (enerji, məişət xidmətləri, dəniz limanları, nüvə obyektləri, hidravlik bəndlər, qaz anbarları, terminallar və s.) kütləvi tətillərə qoşulub. Martın 27-də limanlarda bərpa işləri dayandırılıb, martın 28-də isə ölkə limanlarında 24 saatlıq tətil elan olunub.

Tullantıların toplanması sahəsi işçilərinin üç həftə davam edən tətilləri nəticəsində Fransa paytaxtının küçələrini üfunət iyi bürüyüb.

Məşhur Luvr muzeyi səhər saatlarından bağlanıb. Xarici ziyarətçilər səbirsizliklə muzeyin açılmasını gözləsələr də, mədəniyyət ocağının hələ bir müddət olacağı bildirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.