REGİONLAR
Fransa səfiri Naxçıvanın mədəniyyət, təhsil və səhiyyə müəssisələri ilə tanış olub









Naxçıvan, 19 may, AZƏRTAC
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros muxtar respublikaya səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildirib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sonra qonaq Heydər Əliyev Muzeyini ziyarət edib, Ümummilli Liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb. Diplomat Naxçıvan Dövlət Universitetində də olub, ali təhsil ocağında keçirilən görüşdə fransız dilinin tədrisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra ali təhsil ocağının Xarici dillər fakültəsində fəaliyyət göstərən “Fransız dili” mərkəzində olan qonağa məlumat verilib ki, mərkəzdə tələbələrlə dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Dil mərkəzi bədii əsərlər, professor-müəllim heyətinin elmi nailiyyətləri, dərs vəsaitləri ilə təchiz olunub ki, müəllim və tələbələr istədikləri vaxt bu vəsaitlərdən həm tədris, həm də elmi-tədqiqat üçün yararlana bilərlər.
Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq qədim diyarımızın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri barədə nümayəndə heyətində dərin təəssürat yaradıb.
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Duzdağ Fizioterapiya Mərkəzi ilə də yaxından tanış olub. Daha sonra Şıxmahmud kənd tam orta məktəbinə gələrək pedaqoji kollektivlə görüşən diplomata məlumat verilib ki, məktəbdə hazırda 448 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 64 müəllim məşğuldur. Burada 42 ildir ki, əsas xarici dil kimi fransız dili tədris olunur. Məktəbin mövcud 24 sinif komplektində 4 ixtisas müəllimi tərəfindən fransız dilinin tədrisi həyata keçirilir, 2019-cu il məzunlarından 1-i Naxçıvan Dövlət Universitetinin fransız dili ixtisasına, ötənilki tədris məzunlarından 12-si respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub.
Fransa səfiri I Kültəpə yaşayış yerinə də gəlib, burada ötən illər ərzində aparılan arxeoloji tədqiqatlarla tanışlıq olub, ərazidən aşkarlanan qədim məişət əşyalarına baxıb. Məlumat verilib ki, 2013-2016-cı illərdə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə I Kültəpə yaşayış yerində tədqiqat işlərinə başlayıb, müəyyən fasilələrlə proses sonrakı illərdə də davam etdirilib. Ekspedisiyanın əsas məqsədi, Neolit dövrünün sonuna aid olan I Kültəpə yaşayış yerində məskunlaşmanın tarixi və qədim Naxçıvan sakinlərinin ətraf aləmlə əlaqələrini öyrənmək, köçmə maldarlıqla bağlı abidələri tədqiq etməkdən ibarət olub. Aparılan araşdırmalar ölkəmizin qədim sakinlərinin miqrasiyasının arealını, onların qədim Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan verib.
Süni Mayalanma Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, dövlət başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində istifadəyə verilən mərkəzdə inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına da geniş imkanlar açıb. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir.
Ağbulaq İstirahət Mərkəzi və Batabat iqlim kurort zonası ilə tanışlıq qonaqda muxtar respublikanın turizm potensialı barədə dərin təəssürat yaradıb.