CƏMİYYƏT
Fransada “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində “50-50” təliminə start verilib
Bakı, 23 may, AZƏRTAC
Bu gündən Fransanın Strasburq şəhərində “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət təşkilatlarının mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “50-50” təliminə start verilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimin əsas məqsədi gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək, Azərbaycanda gənclər siyasətinin və gənclərlə işin gələcək inkişafı üçün milli və yerli səviyyədə müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsidir.
Otuz nəfərin iştirakı ilə Avropa Gənclər Mərkəzində beş gün boyunca davam edəcək layihənin ilk günündə proqram və metodologiya ilə tanışlıq, “DignityLand” və komanda işi vasitəsilə sosial hüquqlara giriş, bu istiqamətdə gənclərlə öyrənmə prosesi istiqamətində interaktiv təlimlər keçirilib.
Rəsmi açılış mərasimində Avropa Şurasının Demokratik İştirakçılıq məsələləri üzrə direktoru Matyaş Qruden, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov çıxış ediblər, həmçinin gənclər və idman nazirinin müavini İndira Hacıyeva onlayn formada qoşularaq proqram iştirakçılarına uğurlar arzulayıb.
Qeyd olunub ki, seminar Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilir.