DÜNYA
Fransanın Baş naziri benzinin qiymətinin artırılmasına moratorium qoymağa hazırlaşır
Bakı, 4 dekabr, AZƏRTAC
Fransanın Baş naziri Eduar Filipp “sarı jiletlər”in etiraz aksiyaları fonunda benzinin vergisinin artırılmasına moratorium qoymağa hazırlaşır.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Baş nazir dekabrın 4-də “İrəli, Respublika” partiyasının deputatlarına ölkənin icra hakimiyyətinin qərarını elan edəcək. Moratorium bir neçə ay qüvvədə qalacaq və “digər barışıq tədbirləri ilə müşayiət olunacaq”.
Bununla yanaşı, BFMTV telekanalı “sarı jiletlər”in problemin həlli yollarını müzakirə etmək üçün Eduar Filipplə görüşdən imtina etdikləri barədə məlumat yayıb.
Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Ötən şənbə günü Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.