Fransanın həyata keçirdiyi ayrı-seçkilik siyasəti gec-tez özünə qarşı çevriləcək- Politoloq
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Korsika parlamentindən yerli dildə müzakirələrin aparılmasına rəsmi şəkildə qadağa qoyulması insanların baza hüquqlarının pozulması deməkdir. Bununla da Fransa 1948-ci il İnsan Hüquqları Haqqında Konvensiyanı və Milli Etniklərin Hüquqlarını kobud surətdə pozub.
Əslində, tarixində müstəmləkə imperiyası olan ölkədən başqa mövqe də gözləmək olmaz. Afrikada, Asiyada və ərəb dünyasında milyonlarla insanın həyatına qəsd edən Fransa imperializminin bu cür siyasəti onun iç üzüdür. Fransanın milli azlıqlara qarşı qərəzli münasibət göstərməsi, dini ayrı-seçkiliyi son illər daha açıq xarakter alıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
O qeyd edib ki, Avropada ən çox müsəlmanın yaşadığı Fransada hər zaman İslam dininə qarşı təhqirlərin, etirazların şahidi olmuşuq. “Charlie Hebdo” jurnalında müsəlman müqəddəslərinin təhqir olunması, müqəddəs kitabların yandırılması və bu kimi digər hallara yol verilməsi onu deməyə əsas verir ki, Fransa bu ölkədə yaşayan etniklərə qarşı olduqca qərəzli siyasət yürüdür və ayrı-seçkilik tətbiq edir.
Bunlarla yanaşı, Fransa XXI əsrdə də müstəmləkəçilik siyasətini davam etdirir. Qoşulmama Hərəkatının Bakıda keçirilən son Zirvə görüşündə dövlətimizin başçısı bununla bağlı müəyyən məqamları səsləndirdi. Eyni zamanda, Aralıq dənizində 400 min əhalisi olan Korsika adası Fransanın müstəmləkə siyasətindən bu günə qədər əziyyət çəkir. Korsikada yaşayan insanlar öz dillərindən lazımi səviyyədə istifadə edə bilmirlər. Onların təhsil, çap, məişət və mədəniyyət hüquqları belə məhdudlaşdırılıb. Bu, Fransa siyasi hakimiyyəti tərəfindən həyata keçirilən iyrənc və riyakar siyasətdir. Bu qədər insanın mədəni hüquqlarını tanımayan Fransa 20 minə yaxın erməniyə dəstək olmağa çalışır, onlar üçüm muxtariyyət istəyir. Necə deyərlər, “Öz gözündə tiri görməyən Fransa Qafqazda çöp axtarır”.
"Fransadan fərqli olaraq, rəsmi Bakı Azərbaycanda yaşayan bütün etnik azlıqların milli-mədəni hüquqlarını təmin edir, dini ayinlərin icrasına əlverişli imkan yaradır. Ölkəmizdə heç kim dini baxışlarına və ya milli-mədəni mənsubiyyətinə görə təqib olunmur.
Hətta indiki şəraitdə Qarabağda yaşayan ermənilərə də dövlətimiz tərəfindən bütün hüquqlar üzrə təminat verilir. Hətta erməni icması ilə növbəti rəsmi görüşün Bakıda keçirilməsi təklif olunub. Bütün bunlar müstəmləkəçi Fransaya gözəl nümunə ola bilər. Azərbaycan multikultural dəyərlərə qiymət verən cəmiyyətin formalaşmasında olduqca maraqlıdır. Ölkəmizdə dinlər və mədəniyyətlər arasında dialoq daim təşviq edilir. Bu, Azərbaycanı bölgədə daha güclü edən əsas cəhətlərdən biridir.
“Fransanın həyata keçirdiyi bu siyasət gec-tez özünə qarşı çevriləcək. Fransızlar onlarla birgə yaşayan başqa dinlərin və xalqların nümayəndələrinə bir gözlə baxmaq məcburiyyətini qəbul edəcəklər. Bu, qloballaşan dünyanın əsas tələbidir. Buna qarşı çıxan xalqlar və dövlətlər məhvə məhkumdur”,- deyə A.Əliyev vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var