Fransanın nazir müşaviri Azərbaycandakı iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət dəyərləndirib
AzerTAg.az
Bakı, 9 sentyabr (AZƏRTAC). Sentyabrın 9-da Mərkəzi Bankın sədri Elman Rüstəmov Bakıda səfərdə olan Fransanın iqtisadiyyat, sənaye və rəqəmsal nazirliyinin maliyyə və iqtisadi məsələlər üzrə nazir müşaviri Daniyel Metrin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Azərbaycandakı makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun tərəqqisi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verilib. Son 10 ildə Azərbaycan iqtisadiyyatının davamlı artımı, müşahidə olunan aşağı inflyasiya dərəcəsi, xarici borcun bir rəqəmli olması və eləcə də ölkəmizin Qlobal Rəqabətlilik İndeksində yüksək yer alması görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Perspektivdə resurslardan asılılığın aradan qaldırılması, iqtisadiyyatın şaxələnməsi, investisiya bazarlarında iştirak imkanları barədə danışan Elman Rüstəmov Azərbaycanın daha rəqabətli ölkəyə çevrilməsi potensialından, bank sektorunda kapitalın artım tələbindən və kommersiya banklarının bu istiqamətdə qazandığı nəticələrdən bəhs edib.
Fransanın nazir müşaviri Daniyel Metrin son dövrlərdə Azərbaycanda müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət dəyərləndirib. O, Mərkəzi Bank tərəfindən bu sahədə aparılan siyasəti yüksək qiymətləndirərək tətbiq olunan yanaşma ilə tam razılaşdığını bildirib.
İşgüzar görüşdə həmçinin monetar siyasət, bank sektorunun inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xəbərin mətnində orfoqrafik səhv var