DÜNYA
“Fukusima-1” AES-in yaxınlığındakı şəhərdə təxliyə barədə əmr qismən ləğv edilib
Tokio, 10 aprel, AZƏRTAC
Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in yaxınlığındakı şəhərlərdən birində təxliyə barədə əmr aprelin 10-da qismən ləğv edilib.
AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları Okuma şəhərinin ərazisinin təqribən 40 faizini təşkil edən iki rayonda məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edib. Buna səbəb kimi ərazidə radiasiyanın səviyyəsinin kəskin azalması göstərilir. Həmin rayonlar qəzalı AES-in cənub-qərbində, cəmi yeddi kilometr məsafədə yerləşir. Bundan sonra yerli əhalinin evlərində gecələməsi üçün təkrar qeydiyyata ehtiyac olmayacaq. Həmin rayonların tezliklə normal həyat şəraitinə qayıdacağına ümid edilir.
Şəhər şurasının yeni binasının isə mayın 7-də istifadəyə veriləcəyi bildirilir. İyunda istifadəyə veriləcək sosial evə 50 ailənin köçürülməsi gözlənilir.
Cari il martın 31-nə olan məlumata görə, Okuma şəhərinin həmin iki rayonunda 367 nəfər və ya şəhər əhalisinin 3,5 faizi qeydiyyatdan keçib. Bununla yanaşı, ötən ilin yanvarında keçirilən sorğunun nəticələrinə görə, şəhərin keçmiş sakinlərinin yalnız 12,5 faizi evlərinə qayıtmaq istədiklərini bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio