DÜNYA
Futbol üzrə qadınlardan ibarət ABŞ yığmasının üzvləri ölkənin Futbol Federasiyasını məhkəməyə veriblər
Vaşinqton, 9 mart, AZƏRTAC
Futbol üzrə qadınlardan ibarət ABŞ yığmasının 28 üzvü cinsi mənsubiyyət əlamətinə görə ayrı-seçkiliklə əlaqədar ölkənin Futbol Federasiyasına qarşı iddia qaldırıblar.
AZƏRTAC xəbər verir ki, Kaliforniya Dairə Məhkəməsinə təqdim olunmuş şikayətdə oyunçular əməkhaqqının məbləğindən, məşqlər və oyunlar üçün meydanların qeyri-adekvat (kişilərdən ibarət yığma komanda tərəfindən istifadə edilən meydanlarla müqayisədə) olmasından başlamış, yarışlar zamanı münasib olmayan mehmanxanalarda yaşayış şəraitinə qədər müxtəlif səviyyələrdə cinsi mənsubiyyət əlamətinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər.
İddia sənədində deyilir: “Qadın və kişi cinsinə mənsub oyunçular öz komandalarında eyni vəzifələri yerinə yetirməli, vahid ortaq işəgötürən üçün beynəlxalq yarışlarda iştirak etməli olduqlarına baxmayaraq, ABŞ Futbol Federasiyası (USSF) qadın oyunçulara onların kişi həmkarları ilə müqayisədə həmişə az pul ödəyir”.
ABŞ qadın futbolunun ulduzları Karli Lloyd, Aleks Morqan və Meqan Rapino da Federasiyaya qarşı kollektiv iddia qaldırmağa hazırlaşırlar. Bu isə o deməkdir ki, iddiada 2015-ci il fevralın 4-dən bəri Amerika yığmasında oynamış keçmiş futbolçu qadınlar da təmsil olunacaqlar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton