REGİONLAR
Füzuli: 2700 hektar sahədə aqropark, 500 hektarda isə iri toxumçuluq təsərrüfatı yaradılır
Füzuli, 16 iyul, AZƏRTAC
İlin birinci yarısında Füzuli rayonunun sosial-iqtisadi inkişafı uğurla davam etdirilib, tikinti-quruculuq, abadlıq işləri aparılıb. Bu dövrdə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsi inşa edilib. Hazırda Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Horadiz şəhəri ərazisində pambıq qəbulu məntəqəsinin və Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun rayon ərazisindən keçən 40 kilometrlik hissəsinin tikintisi davam etdirilir. Yaxın günlərdə barama qəbulu və emalı məntəqəsinin və Bala Bəhmənli kəndi ərazisində rayon mərkəzi xəstəxanasının tikintisinə başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Horadiz şəhərində 2017-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin məruzəsində bildirilib ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli taxılçıları bu il 100 min tondan çox taxıl istehsal ediblər. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür.
Qeyd edilib ki, rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılıq da inkişaf etdirilir. Bu il rayonda 2050 hektar ərazidə pambıq əkilib, 25 tondan artıq yaş barama istehsal olunub. Hesabat dövründə həmçinin 970 ton tərəvəz, 380 ton bostan məhsulları, 550 ton kartof, 107 ton meyvə toplanıb, 1050 ton ət, 12 min 007 ton süd, 4490 min ədəd yumurta istehsal edilib.
Rayonda 2700 hektar sahədə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün aqropark, 500 hektarda isə iri toxumçuluq təsərrüfatı yaradılır.
Bildirilib ki, rayonda sahibkarlığın inkişafına da ciddi fikir verilir. Belə ki, Horadiz şəhərində istixana kompleksi, Zobucuq qəsəbələri ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası, Böyük Bəhmənli kəndində şadlıq evi sahibkarlar tərəfindən istifadəyə verilib, onlarla yeni iş yerləri açılıb.
Yığıncaqda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı, problemlər də qeyd edilib, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələr verilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.