CƏMİYYƏT


Füzuli Beynəlxalq Hava Limanının açılması bütün region üçün mühüm əhəmiyyət kəsb edir

Bakı, 27 sentyabr, AZƏRTAC

Füzuli Beynəlxalq Hava Limanının açılması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, Azərbaycanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Bu hava limanı bütün regionda iqtisadi həyatın canlanmasına müsbət təsir göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaq.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.

Təşkilatın sədr müavini qeyd edib ki, açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətlərinin sarsılmazlığı ilə bağlı bir daha dünyaya ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri həmin rayonun, ümumilikdə, işğaldan azad edilən torpaqlarımızın iqtisadi və regional önəmindən xəbər verir.

C.Xəlilov bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin əsasını da qoydular. Azərbaycanın və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən ərazilər iqtisadi inkişaf tempinə görə qısa zamanda bütün regionda liderliyə yüksələcək və ölkəmizin ümumi inkişafına böyük təkan verəcək.

“Bu gün ictimaiyyətimizin işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə münasibəti, media və sosial şəbəkə səhifələrində yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, hərbi-diplomatik müstəvidə tarixi zəfər qazanan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına xalqımızın inamı tamdır. Bizim üçün qürurverici haldır ki, işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. İki qardaş dövlətin reallaşdırdığı birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək. Bu dirçəliş isə insanlarımızın sosial rifahının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.