REGİONLAR
Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı birinci yerinə yetiriblər
Füzuli, 10 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzinin və ərazisinin xeyli hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar. Belə ki, Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 33 ton plana qarşı 35 tona yaxın barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 832 qutu ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.
Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 25 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 79 min ədəddən çox tut tingi əkilib.
Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri ötən il barama istehsalından 230 min manata yaxın gəlir əldə etmişdilərsə, bu il 350 min manat gəlir götürülməsi nəzərdə tutulur. Rayon ərazisindəki yeni tut ağaclarının əkilməsini, əhalinin baramaçılıq sahəsindəki təcrübəsini və kümçülərin baramaçılıqdan gəlir əldə etməsinin bu sahəyə marağı artırmasını nəzərə alaraq, növbəti illərdə rayonda barama istehsalının daha da artacağını proqnozlaşdırmaq olar.