REGİONLAR
Füzuli rayonunda baramaçılığın inkişafı məqsədilə 70 min ədəd tut tingi əkilib
Füzuli, 16 dekabr, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mini Füzuli rayonuna verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin əkini artıq başa çatıb. Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb.
Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24,3 ton, 2018-ci ildə 37,5 ton, 2019-cu ildə isə 49,4 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min tut tingi əkilib.