REGİONLAR
Füzuli rayonunun sakinləri ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüsə hamılıqla qoşulacaq
Füzuli, 17 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü bu sahədə növbəti nəcib addımdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev deyib. O bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi daim diqqət mərkəzində saxlanılır. Rayonda mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir, yaşıllıqlar artırılır, yol kənarlarına, yaşayış məntəqələrinə ağac və dekorativ kollar əkilir. Son illərdə rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə 150 mindən çox müxtəlif növ ağac, 130 min gül və dekorativ kol əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, vaxtlı-vaxtında suvarma işləri aparılır. Artıq rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, gözəlliyin, yaşıllıqların şahidi olurlar.
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü Füzuli rayonunun sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Mehriban xanım Əliyevanın bu təşəbbüsünü dəstəkləyən rayon sakinləri aksiyaya hamılıqla qoşulacaq, ətraf mühitin sağlamlaşdırılmasına öz töhfələrini verəcəklər", - deyə rayon Ağsaqqallar Şurasının sədri bildirib.