REGİONLAR
Füzulidə “Zəfərimiz qürurumuzdur” adlı videoçarx nümayiş olunub
Füzuli, 21 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib. Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əsasən gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Cəfərova tədbirin mahiyyəti haqqında məlumat verib. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək 44 günlük Vətən müharibəsindən, şanlı Ordumuzun şücaətindən və böyük Zəfərin qazanılmasından söz açıb. Zəfərə aparan amillərin mənbəyində ulu öndər Heydər Əliyev siyasətinin dayandığını vurğulayan natiq, dövlətimizin iqtisadi gücü və hərbi qüdrəti haqqında da danışıb. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik hislərinə malik olduğunu qeyd edən çıxışçı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bundan sonra da yeni uğurlara imza atacağına əminliyini bildirib.
Daha sonra Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsinin icraçısı Xalisə Məmmədova çıxış edərək böyük Zəfərin şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını diqqətə çatdırıb və bu Qələbənin bütün xalqımızın qürur mənbəyi olduğunu bildirib. Xalisə Məmmədova Füzuli Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi ilə bağlı guşə yaradıldığını da qeyd edib.
Gənclərin Karyera və İnkişaf Mərkəzinin Füzuli rayon nümayəndəliyinin direktor əvəzi Zaur Musabəyov çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin davam etdirilməsi nəticəsində gənclərin qarşısında açılan geniş imkanlara diqqət çəkib, qalib ölkənin vətəndaşı olmağın hər bir gənc üçün fəxr və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şahanə Kərimova çıxış edərək böyük Zəfərə aparan yolların uğurlu dövlət siyasətindən, ordu quruculuğundan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasından keçdiyini vurğulayıb.
Sonda Vətən müharibəsində qazandığımız uğurlardan bəhs edən “Zəfərimiz qürurumuzdur” adlı videoçarx nümayiş olunub.