REGİONLAR
Füzulidə şəhid ailələri və qazilərin qayğılarına həsr olunan müşavirə keçirilib
Füzuli, 7 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə işin təşkilinə həsr edilən müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, qazanılan böyük Zəfərdən, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığından söz açıb. Şəhid ailələrinin, qazilərin, eləcə də həssas təbəqədən olan digər insanların hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.
Daha sonra Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin Füzuli rayon nümayəndəsi Beyrək Mürsəlzadə, Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon Qəbul şöbəsinin müdiri Vüqar Pənahov, Füzuli rayon Telekommunikasiya Qovşağının rəisi Yavər Məmişov çıxışlarında, rəhbərlik etdikləri sahədə şəhid ailələri və qazilərə göstərilən xidmətlər barədə müşavirə iştirakçılarını məlumatlandırıblar.
Müşavirədə rayonda fəaliyyət göstərən digər xidmət sahələrində də həssas təbəqədən olan vətəndaşlarla münasibətdə xüsusi nəzakətlə davranıldığı, onların istəklərinə operativ və növbədənkənar münasibət bildirildiyi diqqətə çatdırılıb.
Sonda icra başçısı bir daha hər kəsi şəhid ailələri və qazilərlə davranışda xüsusi həssaslıq göstərməyə çağırıb. Alı Alıyev həm məmur, həm də vətəndaş olaraq bu qəbildən olan insanlara diqqət və qayğı ilə yanaşmağın hər kəsin mənəvi borcu olduğunu bir daha vurğulayıb.