REGİONLAR
Füzulidə şəhid tankçı Mirrahil Teymurlunun xatirəsi anılıb VİDEO
Füzuli, 23 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən şəhid tankçı Mirrahil Teymurlunun ad günündə xatirəsi anılıb: Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin döyüş yoldaşları kənd sakinləri və məktəblilər iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycan tarixinə yazılan 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən söhbət açıblar. Döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin əbədi yaşayacağı vurğulanıb. Məktəblilərin ifasında şəhidlərə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub. Diqqətə çatdırılıb ki, düşmən sədlərinin yarılmasında iştirak edən qəhrəmanlar sırasında Mirrahil Teymurlu da yer alıb. Onun şərəfli ömür yolundan danışanlar qeyd edib ki, 16 oktyabr 1991-ci ildə Füzuli rayon Mahmudlu-1 kəndində dünyaya göz açan Mirrahil hələ uşaq yaşlarından hərbiyə böyük maraq göstərib. Həqiqi hərbi xidmətində də nizam-intizamı ilə seçilib. Xidmətini bitirdikdən sonra Mirrahil ANAMA-nın minaaxtarma vəzifəsində işə başlayıb. Lakin onun hərbiyə olan marağı tükənmək bilmədiyi üçün 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayaraq Vətənin keşiyində dayanıb. Hərb sirlərinə peşəkarcasına yiyələnən Mirrahil tank bölüyünün baş mexanik sürücüsü olub. Düşmən təxribatına qarşı başlanan əks-hücumda ilk döyüşə girənlər sırasında Mirrahil də olub və cəbhənin yarılmasında şücaəti ilə seçilib. Mirrahil Füzuli rayonu ərazisində hərbi əməliyyatlar zamanı döyüş meydanında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mirrahil Teymurlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.