İQTİSADİYYAT
Fyuçers müqavilələrinin son günündə neftin qiymətinin mənfiyə düşməsi ehtimalı yoxdur
Bakı, 19 may, AZƏRTAC
Neftin qiymətinin fyuçers müqavilələrinin son günündə ötənaykı kimi tarixi enişlə mənfiyə düşməsi ehtimalı demək olar ki, yoxdur.
AZƏRTAC xəbər verir ki, iyun müqavilələrinin müddəti bitmədən öncəki son sessiyasında neft qiymətləri artımını dördüncü gündə də davam etdirir.
Tələbatda mülayim bərpa əlamətləri, istehsal məhdudiyyətlərinin dərinləşdirilməsi və dünyanın koronavirus üçün vaksin tapmağa yaxınlaşdığına dair nikbin gözləntilər fonunda fyuçers müqavilələrinin qiyməti Nyu-York birjasında 1 faiz artaraq 32 dollar/barreli keçib. Daha aktiv ticarət edilən iyul müqavilələrinin qiyməti isə bir qədər də yüksəlib.
İyun fyuçers müqavilələrinin qiymətinin növbəti aylara yaxın səviyyədə davam etməsi və ABŞ-dakı neft anbarlarında ehtiyatların maksimum səviyyəyə çatma riskinin azalması ilə “Light” markalı xam neftin ən yaxınmüddətli müqavilə qiymətinin ötənaykı kimi mənfi 40 dollara enməsi ehtimalı yoxdur. Treyderlər də hazırkı qiymətdə kəskin eniş gözləmirlər.
Koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi nəticəsində Çinin neft istehlakı demək olar ki, virusun yayılmasından əvvəlki səviyyəyə yüksəlib, Hindistanda isə yanacaq satışında sıçrayış baş verib, İtaliya və digər bəzi qərb ölkələrində iqtisadi fəaliyyət bərpa olunub. Bütün bunlar da neftin qiymətinin ən pis ehtimalla hazırkı səviyyələrdə qalacağını deməyə əsas verir.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 35 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 32 dollardan baha satılır.