SİYASƏT
GƏNCƏLİLƏR SEÇKİLƏRDƏ MÜTƏŞƏKKİLLİK NÜMAYİŞ ETDİRDİLƏR
38 nömrəli Nizami seçki dairəsinin 16 nömrəli məntəqəsində səs verməyə gələn 80 yaşlı Xoşqədəm Məmmədovanın ilk sözü bu oldu:- Mən ömrümdə belə bir izdihamlı seçki görməmişəm. Hiss olunur ki, insanlar bugünkü seçkinin taleyimizdə əhəmiyyətini düzgün qiymətləndirirlər.
Müxalifət partiyalarını təmsil edən müşahidəçilər də səsvermə zamanı qanun pozuntusunun qeydə alınmadığını bildirmək məcburiyyətində qalmışdılar.
Seçki günü ilk dəfə səs verən gənclərin də sevinci hədsiz idi. Onlar müstəqil respublikamızın işıqlı gələcəyinə ilk dəfə səs verdikləri üçün qürur hissi duyurdular. Məntəqələrdə belə gənclərə diqqət və qayğı ilə yanaşır, hər birinə tər qərənfil təqdim olunurdu.
Oktyabrın 15-də keçirilən prezident seçkiləri Gəncə sakinləri üçün əsl sınağa çevrildi. 136 mindən artıq seçici 102 seçki məntəqəsində səsvermədə fəal iştirak edərək öz sözünü dedi. Bütün bu fəallığın, aparılan səmərəli işin nəticəsi isə axşam saat 19.00-da səsvermə haqqında alınan məlumatda öz əksini tapdı. Dairə seçki komissiyalarından alınan məlumata görə seçicilərin böyük əksəriyyəti istədikləri namizədə səs vermişdilər.