İDMAN
“GƏNC HƏMYERLİMİN UĞURUNDAN QÜRUR DUYURAM”
“Şaxmatnaya Ukraina” xeyriyyə fondunun prezidenti, Kiyevdəki “Avanqard” şahmat məktəbinin məşqçisi Tatyana Lazareva AZƏRTAC-ın Ukraynadakı müxbir məntəqəsinə zəng vurmuşdur. Şahmat aləmində ad-san sahibi olan sabiq bakılı qadın gənc həmyerlisi, qrossmeyster Teymur Rəcəbovu Linaresdə ən güclü şahmatçıların turnirində Harri Kasparov üzərində parlaq qələbəsi, habelə 16 yaşının tamam olması münasibətilə ürəkdən təbrik etdiyini AZƏRTAC vasitəsilə çatdırmağı xahiş etmişdir.
Tatyana Fyodorovna dedi ki, Teymurun şahmatdakı uğurlarını diqqətlə izləyirəm. Axı, mən də Azərbaycan şahmat məktəbinin yetirməsiyəm, Bakıda doğulmuşam, orada universiteti bitirmişəm, “Molodyoj Azerbaydjana” qəzetində işləmişəm, sonralar Kiyevə köçmüşəm. Erkən yaşlarımdan Pionerlər sarayının şahmat dərnəyinə gedirdim. 60-cı illərdə Azərbaycanda şahmat sahəsindəki böyük canlanma yadımdadır. Bakıda keçirilən turnirlərdə gələcək məşhur qrossmeysterlərlə, o cümlədən Tatyana Zatulovskaya ilə birlikdə oynayırdım, istedadlı ustalar Sultan Xəlilbəyli, Azər Zeynallı, Çapay Sultanov və başqaları ilə dostluq edirdim.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu qədim oyun xüsusilə kütləvi hal almış, inkişaf etmiş və bunun nəticəsində şahmatçıların ustalıq səviyyəsi yüksəlmişdi. Əslən bakılı olaraq, mən Azərbaycanda şahmata göstərilən bugünkü qayğı və diqqətə də ürəkdən sevinirəm. Prezident Heydər Əliyevin siyasətinin ardıcıllığı özünü burada da büruzə verir. Diqqətəlayiq haldır ki, bu siyasəti Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev uğurla davam etdirir. Teymur Rəcəbovun uğuru da müvəffəqiyyəti Azərbaycanın idman sahəsində milli siyasətinin qanunauyğun nəticəsidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev