ELM VƏ TƏHSİL
GEANT layihələrinin icraçı rəhbəri Bakı Musiqi Akademiyasında LOLA audiovizual sistemi ilə tanış olub
Bakı, 24 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi ilə tanış olub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova LOLA audiovizual yayım sisteminin imkanlarından danışıb. Qeyd edib ki, LOLA layihəsi real zamanda musiqi yayımını təmin edir və bir-birindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir.
Sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Babək Nəbiyev sistemin İtaliyanın elm və tədqiqat şəbəkəsi GARR ilə əməkdaşlıq edən C.Tartini adına Musiqi Konservatoriyası tərəfindən yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulma həyata keçirilir. Babək Nəbiyev bu il ərzində yeni texnologiyanın Azərbaycanda rəsmi təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Leoni Şafer “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan bu audiovizual sistemin BMA-da tətbiqini, İnformasiya Texnologiyaları İnstitutunun bu kimi layihələrə qoşulmasını yüksək qiymətləndirib.